El-Isra , 44

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.

среда, 7 марта 2012 г.

8 Mart haqqinda bezi melumatlar.....

Tarixə Leninin məşuqəsi kimi daxil olmuş Klara Setkin kommunist inqilabçıların rəhbərləri üçün xüsusi «ideoloji maariflənmə» gecələri təşkil etməklə də məşhur olub

XX əsr bizə təkcə ziddiyyətlərlə dopdolu siyasi tarix və 70 illik kommunist istibdadı bəxş etmədi. Bu əsr eyni zamanda bizlərə qondarma bayramlar bəxş etməyi ilə də yadda qaldı. Yeni bayramlara alışan, alışdırılan bizlər, özümüz də bilmədən milli kimliyimizdən uzaqlaşmağa doğru üz tutduq. Yeni li bayramımız milad bayramı, analarımızın bayramı 8 mart, sevənlərimizinki isə 14 fevrallar oldu. Ülvi hisslər, təmiz münasibətlər, tarixi ləkəli, hətta qaranlıq olan bu «bayramlar»la qeyd edilməyə başlandı. Həmin «bayram»ların mahiyyətini, gerçək tarixini bilmədən, hisslərimizi, sevgimizi onlarla çulğalaşdırdıq…


Bu bayramları qeyd edə-edə yaddaşımızı itirməklə qalmadıq, həm də özgələşdik, eyni zamanda "bayramları” qəbul etməyən, onlara qarşı çıxanlara «geridəqalmış» ayaması yaraşdırdıq. Və yaddaşsızlaşdıq…

Bu günlərdə, Sovet dönəminin bizə miras qoyub getdiyi və şüurlarımızda ana, bacı, həyat yoldaşı kimi müqəddəs ülvi adlarla assosasiya olan 8 mart bayramını geridə qoyduq. 14 fevral kimi (bu «sevgililər» gününün gerçək tarixçəsi və eləcə də «müqəddəs» deyilən Valentinin məchul kimliyi barədə yazılıb) 8 martın da son dərəcə qarmaqarışıq və ləkəli bir tarixi, onun "banisinin” isə heç də təmiz sayılmayacaq qədər çirkli həyatı var.

8 martın tarixinə baş vurduqda xeyli maraqlı faktlar ortaya çıxır. Məlum olur ki, 8 mart ilk əvvəllər ümumiyyətlə qadınların deyil, yalnız inqilabçı solçu qadınların bayramı kimi qəbul edilib. Bayram günündə onlar küçələrə çıxaraq, cinsi bərabərlik və kommunizmin sosial tələblərinin yerinə yetirilməsini tələb etməli idilər. Belə bir bayramın keçirilməsi təklifinin müəllifi isə milliyyətcə alman-yəhudi qarışığı olan feminist kommunist inqilabçı Klara Setkin olub. O, 1910-cu ildə II İnternasionalın Kopenhagendə keçirilən konfransında qadınların hüquq bərabərliyi uğrunda mücadiləsini xarakterizə edən bayramın qəbul edilməsi təklifi ilə çıxış edir və təqvim günü kimi mart ayının 8-ini təklif edir.

Lakin burada başqa bir maraqlı sual ortaya çıxır: belə bir spesifik bayramın keçirilməsi üçün niyə məhz mart ayının 8-i seçilir?

Rəsmi versiyaya görə, 1857-ci il mart ayının 8-də Nyu-York şəhərində çalışan qadın tekstil işçiləri şəhərin küçələrində nümayişə çıxaraq məvaciblərinin azlığı və iş şəraitlərinin pis olduğuna etirazlarını bildiriblər. Və Klara Setkin də Kopenhagendəki konfransda məhz bu nümayişə əsaslanaraq, inqilabçı qadınların bayram günü kimi 8 martı təklif edib. Lakin, bayramın tarixi ilə bağlı başqa, Sovet dönəmində dilə gətirilməyən, bir növ hamıdan gizlədilmiş bir versiya da mövcuddur…

Bilindiyi kimi, hər bir bayramın müəyyən tarixi əsası və qəhrəmanı olmalıdır. İddialara görə, Setkin də öz milli kimliyindən çıxış edərək belə bir tarixi əsası və qəhrəmanı tapır.
Tövratda və eləcə də yəhudi tarixində Ester adlı qadın qəhrəman obrazı var. Yəhudilərin milli və tarixi bayramı olan Purim, məhz İran şahı Kserksin sevimli zövcəsi olan Esterlə bağlıdır.
Eramızdan əvvəl 480-ci il. Yəhudilərin Babil əsarətinz son qoyulub. Əhəməni sarayı yəhudilərin Qüdsə geri dönməkdə sərbəst olduqları barədə qərar çıxarır. Lakin yüz ilə yaxın müddət ərzində Babildə qalmış, var-dövlət və imtiyazlar əldə etmiş yəhudilərin əksəriyyəti Babildə qalmağa üstünlük verir. Minlərlə yəhudi Əhəməni imperiyasının şəhərlərində qalmaq qərarına gəlirlər. Bu zaman onların demək olar ki hamısının sosial vəziyyəti son dərəcə geniş və imtiyazlı idi. Bu şərait tezliklə Əhəməni sarayını düşünməyə vadar edir. Ətrafa baxan farslar bu suala cavab tapmağa çalışırdılar: Əhəmənilərmi Qüdsü fəth edib, yoxsa yəhudilərmi Babili?

Əhəməni sarayında yüksək vəzifə və nüfuz sahibi olan Haman adlı fars, hökmdar Kserksin yanına gələrək getdikcə nüfuzu və imkanları artan yəhudilər haqqında narahatlıq keçirdiyini dilə gətirir. Əhəməni imperatorunun reaksiyası isə sərt və qorxulu olur: bütün yəhudiləri qılıncdan keçirmək!
Kserksin qorxunc qərarından xəbər tutan sevimli zövcəsi Ester (o, öz milli kimliyini hökmdardan gizlətmişdi), ərinin ona olan məhəbbətindən istifadə etmək qərarına gəlir. Nəticədə, Hamanın təklifi ilə yəhudilərin kütləvi şəkildə qılıncdan keçirilməsi barədə fərman imzalamış Kserks, eyni şəkildə yəhudilərə özlərini müdafiə etmək və düşmənlərinə hücum etmək hüququnu tanıyan fərman da imzalayır (Tövrat, Ester, 8:8-11). Haman və övladları dar ağacından asılır. 75000 midiyalı və fars qətlə yetirilir. Bu qələbənin şərəfinə hər il Adar ayının 14-cü və 15-ci günləri (Tövrat, Ester, 9:21) Purim adlı milli bayramın keçirilməsi qərara alınır (Tövrat, Ester, 9:19; 9:26-27)…

Bayram fevral ayının sonu, mart ayının əvvəlində qeyd edilirdi. Tarixçilərin bildirdiyinə görə, məhz Purim, bütün inqilabçı-qadınların bayramının tarixi əsasını təşkil etməkdə, Ester isə öz növbəsində öz müdrikliyi və qətiliyi ilə onlara örnək qadın olaraq təqdim edilməkdədir.
Klara Setkinin özünə gəldikdə isə, deyə bilərik ki, tarixə Leninin məşuqəsi kimi daxil olmuş bu qadın, eyni zamanda, kommunist inqilabçıların rəhbərləri üçün xüsusi «ideoloji maariflənmə» gecələri təşkil etməklə də məşhur olub…

Onu da qeyd etmək lazımdır ki, 8 mart Beynəlxalq qadınlar gününün beynəlxalq statusda olması yalnız onun adında əks olunub. Belə ki, bu «bayram»ı yalnız keçmiş SSRİ-də qeyd ediblər. İndi də onu bizlər- hələ də şüurən SSRİ-dən qurtula bilməyən postsovet məkanı qeyd edir.
Və ortaya belə sual çıxır: Əcəba, cənnətin ayaqları altında yerləşdiyi müjdələnmiş analarımızın belə bir bayrama ehtiyacı varmı?
"Yeni Çağ” AİA
www.yenicag.az